13 Feb
HEYDƏR ƏLİYEV VƏ TÜRK DÜNYASI

Evrika Liseyində keçirilən “Heydər Əliyev və Türk Dünyası” adlı tədbir şagirdlərimizin milli kimlik şüurunun formalaşması, ortaq tarixi-mədəni dəyərlərin dərindən mənimsənilməsi və Türk dünyasının birliyi ideyasının daha geniş müstəvidə dərk olunması baxımından mühüm əhəmiyyət kəsb etdi.

Tədbirin açılışında liseyimizin təsisçisi Xudaqulu Rzayev və direktoru Ofeliya Muradova çıxış edərək Türk dünyasının ortaq dəyərlərinin təbliği, milli kimlik şüurunun möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasının əhəmiyyətindən bəhs etmişlər. Bundan əlavə, tədbiri giriş sözü ilə açan Layihənin rəhbəri, Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli, Azərbaycan Dillər Universitetinin rektoru, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında və Türk dünyası birliyinin möhkəmləndirilməsindəki tarixi rolundan ətraflı bəhs etmişdir.

Çıxışlar zamanı Ulu Öndərin Türk xalqları arasında həmrəyliyin möhkəmləndirilməsi, ortaq dil, mədəniyyət və tarix amillərinin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi siyasət geniş şəkildə təhlil edildi. Onun “bir millət, iki dövlət” fəlsəfəsi çərçivəsində formalaşdırdığı yanaşmanın bu gün də aktuallığını qoruduğu xüsusi vurğulandı.


Tədbirdə Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professoru Adil Babayev çıxış edərək Heydər Əliyevin dil siyasətindən bəhs etmiş, Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində görülən işləri elmi aspektdən təhlil etmişdir. O, Ümummilli Liderin ana dilimizin qorunması və inkişafı naminə atdığı addımların dövlətçilik tariximizdə mühüm mərhələ təşkil etdiyini diqqətə çatdırmışdır.
Tədbir zamanı çıxış edən Azərbaycanın görkəmli şairi Rüstəm Behrudi isə Türk dünyasının ortaq ruhu, milli kimlik və istiqlal ideyasının bədii-fəlsəfi mahiyyətinə toxunmuş, bu ideyanın siyasi ifadəçisi kimi Heydər Əliyevin tarixdə xüsusi yer tutduğunu vurğulamışdır. Şair milli birliyin qorunmasında dil və ədəbiyyatın rolunu ön plana çəkərək, ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd etmişdir.


Daha sonra Evrika Liseyinin direktor müavinləri Bahar İsgəndərova, Nazan Akkoyun və Aygün Kərimova çıxış edərək gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində belə maarifləndirici tədbirlərin əhəmiyyətini bildirmiş, Türk dünyası mövzusunun təhsil mühitində davamlı şəkildə diqqətdə saxlanılmasının vacibliyini vurğulamışlar.


Şagirdlər tədbir boyu yalnız dinləyici qismində deyil, həm də fəal iştirakçı kimi çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparmış, suallar ünvanlamış və təqdimatlarla çıxış etmişlər. Bu isə onların tənqidi düşünmə bacarıqlarının, vətəndaş mövqeyinin və milli kimlik şüurunun möhkəmlənməsinə mühüm töhfə vermişdir.
“Heydər Əliyev və Türk Dünyası” mövzusunda keçirilən bu görüş bir daha təsdiq etdi ki, tarixini bilən, milli kimliyinə sahib çıxan və ortaq dəyərlərini qoruyan gənclik gələcəyin güclü və birliyə əsaslanan cəmiyyətinin təməlini təşkil edir.


Şərhlər
* E-poçt saytda dərc olunmayacaq.