20 Sep
TEXNO İNSAN - KÖRPÜLƏR VƏ UÇURUMLAR


Müasir dünyanın ritmi sürətlə dəyişir və bu dəyişmə insanın özünü dərk etmə biçimini yenidən formalaşdırır.

Evrikanın intellektual dialoq platforması çərçivəsində təşkil olunan “Texno-İnsan: Körpülər və Uçurumlar” adlı görüşün qonağı publisist, esseist, tərcüməçi, çağdaş ədəbiyyatın önəmli nümayəndələrindən biri, şair, filologiya üzrə fəlsəfə doktoru Qismət Rüstəmov olmuşdur.


Görüş texnologiyanın insan həyatına təsirini yalnız statistik və obyektiv göstəricilər müstəvisində deyil, düşüncənin poetik, fəlsəfi və ekzistensial qatları prizmasından dəyərləndirmək imkanı yaratdı. Qismət Rüstəmov rəqəmsal mühitin təqdim etdiyi imkanlarla yanaşı, bu mühitin insan təbiətində açdığı görünməyən riskləri və ziddiyyətləri də dərin analitik yanaşma ilə şərh etdi.
Müzakirənin diqqətçəkən məqamlarından biri də uşaqların mövzuya yanaşması və verdikləri intellektual suallar oldu. Onların texnologiya, insan münasibətləri, düşünmə tərzi və gələcək barədə səsləndirdikləri suallar dialoqa canlılıq qatmaqla yanaşı, mövzunun yalnız böyüklər üçün deyil, gələcək nəsil üçün də nə qədər aktual olduğunu aydın şəkildə göstərdi.
Müzakirələr zamanı aşağıdakı əsas istiqamətlər üzrə yeni baxış bucaqları formalaşdı:

Texnoloji mühitdə insanın dəyişən psixoloji arxitekturası Dijitallaşan davranış modellərinin emosional və mənəvi dəyərlərə təsiri

Körpülər: bilik, yaradıcılıq və kommunikasiya üçün açılan yeni imkanlar

 Uçurumlar: informasiya yüklənməsi, identiklik böhranı və sosial təcrid riski


Bu dialoq iştirakçılara mövzunu sadəcə anlamağı deyil, eyni zamanda özlərini rəqəmsal dünyanın içində yenidən düşünmək və dəyərləndirmək fürsəti verdi.
Görüşün yekununda layihənin əsas missiyası bir daha aydın şəkildə ifadə olundu: insanı texnologiyanın içində itirmədən, onu texnologiyanın üzərinə yüksəltmək.
Bu görüşdə səslənən suallar, cavablar və düşüncə xəttləri uzun müddət yaddaşımızda qalacaq. Çünki texno-çağda qurulan ən möhkəm körpü hələ də insan düşüncəsinin özüdür.


Şərhlər
* E-poçt saytda dərc olunmayacaq.